Menstruasiya dövrü

Menstruasiya Zamanı Yoga Faydaları 

Menstruasiya dövrü qadın bədənində bir sıra fiziki və emosional dəyişikliklərə səbəb olur. Bu dövrdə əksər qadınlar qarın alt hissəsində ağrılar, bel ağrısı, yorğunluq, əhval dəyişiklikləri və ümumi narahatlıq kimi aybaşı əlamətləri ilə qarşılaşırlar. Belə hallarda bir çox qadın istirahəti üstün tutsa da, elmi araşdırmalar göstərir ki, düzgün seçilmiş fiziki fəaliyyət formaları, xüsusilə yoga, menstruasiya dövründə bu əlamətlərin azalmasına və ümumi rifahın artmasına müsbət təsir göstərə bilər. 

Yoga hansı faydaları verir? 

Yoga, əsasən bədəni və zehni sakitləşdirən hərəkətlərdən ibarət olduğu üçün aybaşı dövründə yaranan narahatlıqların yüngülləşməsində effektiv üsullardan biri sayılır. Mütəxəssislərin fikrincə, yoga məşqləri uşaqlıq ətrafındakı əzələlərin boşalmasına və qan dövranının yaxşılaşmasına səbəb olaraq dismenoreya – yəni menstrual ağrıların azalmasına kömək edir. Bəzi yoga pozaları bel və qarın nahiyəsində gərginliyi azaldır, bununla da qadınların menstruasiya zamanı yaşadığı ağrıları minimuma endirir. 

Eyni zamanda, yoga stres hormonlarının –xüsusilə kortizolun səviyyəsini azaldır. Menstruasiya dövründə baş verən emosional dəyişikliklər, əsəbilik və həssaslıq yoga vasitəsilə idarə oluna bilər. Nəfəs texnikaları və meditativ elementlər qadının sinir sistemini balanslaşdıraraq daha sakit və emosional sabit qalmasına kömək edir. Bu isə həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir. 

Aybaşı zamanı tətbiq oluna biləcək effektiv yoga pozaları hansılardır? 

Aybaşı dövründə hər bir qadın öz bədənini dinləməli və onu zorlamadan rahatlaşdırıcı hərəkətlər etməlidir. Məşhur yoga pozaları arasında Cat–Cow (pişik-inək), Cobra (kobra), Child’s Pose (uşaq duruşu), Legs Up the Wall (ayaqlar divara) və Seated Spinal Twist (oturaraq bel burması) menstruasiya üçün ən faydalı duruşlar hesab olunur. Bu pozalar bədənin aşağı hissəsindəki gərginliyi azaldır, qan dövranını sürətləndirir və rahatlama hissi yaradır.

(Cat-Cow duruşu) 

(Cobra duruşu) 

Məsələn, Child’s Pose duruşu bədənin tamamilə rahatlaşmasına və dərin nəfəs almağa şərait yaradır. Bu, ağrıları azaltmaqla yanaşı, bədəni və zehnimizi sakitləşdirir. Cobra duruşu isə qarın əzələlərini yumşaldaraq menstrual spazmların azalmasına səbəb olur. Legs Up the Wall duruşu isə qan dövranını nizamlamaqla yanaşı, yorğunluğu aradan qaldırır və bədəndə yüngüllük hissi yaradır. 

(Child’s pose duruşu) 

(Legs Up The Wall duruşu) 

(Seated Spinal Twist duruşu) 

Menstruasiya zamanı yoga necə tətbiq olunmalıdır? 

Menstruasiya dövründə yoga edərkən ilk növbədə yüngül və ritmik hərəkətlərə üstünlük verilməlidir. Hər gün 15–20 dəqiqəlik yoga seansı kifayət edir ki, bədən rahatlaşsın və gərginlik azalsın. Hər pozada ən azı 5 dərin nəfəs alınması tövsiyə olunur. Ağır və güc tələb edən hərəkətlərdən bu dövrdə çəkinmək daha məqsədəuyğundur. Yoga zamanı əsas məqsəd bədəni zorlamadan onu dinləmək və ona uyğun şəkildə hərəkət etməkdir. Belə bir rejimə əməl etmək hormonal tarazlığın qorunmasına, aybaşı dövrünün daha asan və komfortlu keçməsinə imkan yaradır. 

Yoga menstruasiya zamanı qadınlara həm fiziki, həm də psixoloji baxımdan dəstək olan təbii və təhlükəsiz bir vasitədir. O, menstrual ağrıları azaldır, emosional sabitlik yaradır, şişkinliyi və gərginliyi aradan qaldırır. Eyni zamanda, yoga hər yaşda və bədən formasında olan qadınlar üçün əlçatan və uyğun bir idman növüdür. Aybaşı zamanı yoga ilə məşğul olmaq qadın sağlamlığı üçün faydalı bir vərdişə çevrilə bilər. Blossom olaraq biz qadınların öz bədənlərini daha yaxşı tanımalarını və sağlamlıqlarına təbii yolla qulluq etmələrini dəstəkləyirik. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir